“Mançester Yunayted” ASEAN yığmasına da uduzdu

İngiltərənin “Mançester Yunayted” klubunun bütün mövsüm boyu sərasər davam edən qara günləri bitib-tükənmək bilmir.

Arena.az məlumat verir ki, “qırmızı şeytanlar” Malayziyanın paytaxtı Kuala-Lumpurda Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasına (ASEAN) daxil ölkələrin ulduzlarından ibarət yığma komandaya yoldaşlıq oyununda uduzublar – 0:1.

Oyunda yegnə qolu 71-ci dəqiqədə Tailandın “Lamphun Uorriorz” klubunun 29 yaşlı myanmalı sağ cinah hücumçusu Maun Maun Luin vurub.

Xatırladaq ki, ASEAN-a İndoneziya, Malayziya, Sinqapur, Tailand, Filippin, Bruney, Vyetnam, Laos, Myanma və Kamboca daxildirlər.

Asiya səfəri çərçivəsində “Mançester Yunayted” həmçinin Honkonqda yerli milli yığma komanda ilə qarşılaşacaq, bu oyun mayın 30-da baş tutacaq.

Əlavə edək ki, “qırmızı şeytanlar” tarixən ən bərbad dövrlərindən birini keçirirlər. MY 2024/2025-ci illər mövsümünü İngiltərə Premyer Liqasının yarış cədvəlində 42 xalla 15-ci pillədə başa vurub. Üstəlik, “qırmızı şeytanlar” Avropa Liqasının finalında “Tottenhem”ə 0:1 hesabı ilə məğlub olaraq, avrokuboklarsız qalıblar.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: