Lamin Yamal: “Qızıl top”u qazanmaq haqda düşünmürəm”

“Barselona”nın 17 yaşlı ispaniyalı ulduzu, sağ cinah hücumçusu Lamin Yamal “Qızıl top”u qazanmaq haqda düşünmədiyini bildirib.

Arena.az COPE dərgisinə istinadən, Yamalın müvafiq mövzüda müsahibəsini təqdim edir:

– Mən “Qızıl top”u qazanmaq haqda düşünmürəm. Mən zövq almaq, yaxşı oynamaq haqda düşünürəm. Əgər bu, baş verəcəksə, demək, baş verəcək.

– Deyirlər ki, cümə axşamı siz “Qızıl top” uğrunda Usman Dembeleyə qarşı oynayacaqsınız (UEFA Millət Liqasının yarımfinal mərhələsinin İspaniya – Fransa oyunu – redaktorun qeydi). Siz mükafatı kimə verərdiniz: bu görüşün qalibinə və ya ilin ən yaxşı oyunçusuna?
– Mən ilin ən yaxşı oyunçusuna səs verərdim, amma siz “Qızıl top”u cümə axşamı oynatmaq istəyirsinizsə, biz bunu cümə axşamı da oynadarıq. Mən onu ilin ən yaxşı oyunçusuna verərdim, ancaq onun adını isə mən özümdə saxlayacağam.

Lamin Yamal “Barselona”nın məzunudur. İstedadlı yeniyetmə 2022/2023-cü illər mövsümündən Kataloniya təmsilçisinin əsas komandasında çıxış edir. Yamalın “Barselona” ilə müqaviləsinin müddəti 2031-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Yamal “blauqrana”nın heyətində bütün yarışlarda 55 oyuna çıxıb, 18 qol və 25 məhsuldar ötürmə ilə fərqlənib.

Lamin Yamalın “Barselona”da çıxışının ümumi mənzərəsi 106 oyun, 25 qol və 34 məhsuldar ötürmədən ibarətdir.

Yamal 2023-cü ilin sentyabr ayında debüt etdiyi İspaniya yığma komandasının heyətində 19 oyun keçirib, 4 qol vurub, 9 məhsuldar ötürmə verib.

Lamin Yamalın qənimətlər muzeyində “Barselona” ilə qazandığı İspaniya La Liqası (2022/2023, 2024/2025), İspaniya Kral Kuboku (2024/2025) və İspaniya Super Kuboku (2024/2025) var. Həmçinin Yamal İspaniya yığması ilə AÇ-2024-ün qalibi olub.

“Transfermarkt” internet-portalı 17 yaşlı ispaniyalı sağ cinah hücumçusunun transfer dəyərini 180 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: