Rayan Ait-Nuri “Mançester Siti”də – Rəsmi

İngiltərənin “Vulverhempton” klubunun sol cinah müdafiəçisi Rayan Ait-Nuri bundan sonra “Mançester Siti”nin uğurları üçün çalışacaq.

Arena.az bu barədə Mançester klubunun rəsmi saytına istinadən xəbər verir.

“Şəhərlilər” 36,8 milyon avro müqabilində əlcəzairli futbolçunu heyətə cəlb ediblər. 24 yaşlı futbolçu ilə 5 illik (2030-cu ilin 30 iyununadək) müqavilə imzalanıb.

Rayan Ait-Nuri Fransada dünyaya göz açıb və bu ölkənin “Paris” klubunun yetirməsidir. O, Fransada “Anje”nin də uğurları üçün çalışıb. “Vulverhempton” Rayanı 2021-ci ilin iyul ayında “Anje”dən 11,1 milyon avro müqabilində heyətinə cəlb etmişdi. Müdafiəçi Premyer Liqa klubunun heyətində 157 oyuna çıxıb, 12 qol və 19 məhsuldar ötürmə ilə yadda qalıb.

Ait-Nuri Fransanın U-18, U-19 və U-21 yığmalarında oynasa da, 2023-cü ilin mart ayında Əlcəzair millisində debüt edib. O, Əlcəzair yığmasında indiyə qədər 17 oyuna çıxıb, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.

“Transfermarkt” internet-portalı 24 yaşlı müdafiəçinin transfer dəyərini 35 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: