UEFA Çempionlar Liqasının əsas mərhələsinin “Ayntraxt”la ev oyunu “Atletiko”nun hücumçusu Antuan Qrizmann üçün əlamətdar olub.
Arena.az xəbər verir ki, fransalı vinger Madrid klubunun tarixində 200 qol vuran ilk futbolçu kimi tarixə düşüb.
UEFA Çempionlar Liqasının əsas mərhələsinin 2-ci turu çərçivəsində keçirilmiş “Atletiko” (Madrid) – “Ayntraxt” (Frankfurt) matçı meydan sahiblərinin 5:1 hesablı qələbəsi ilə yekunlaşıb. Qrizmann bu matçın 45+1-ci dəqiqəsində fərqlənib.
Bununla da o, İspaniya klubunun heyətində vurduğu qolların sayını 200-ə çatdırıb. Antuan bunu “Atletiko” forması ilə meydana çıxdığı 454-cü oyunda rəsmiləşdirib.
“Real Sosyedad” futbol akademiyasının yetirməsi olan Antuan Qrizmann “Atletiko”ya 2014-cü ilin iyulunda elə, San-Sebastyan klubundan keçib. Daha sonra isə fransalı futbolçu bir neçə mövsüm “Atletiko” ilə “Barselona” arasında satış və icarə əsasında var-gəl edib. 2023-cü ilin iyulunda isə Antuan 20 milyon avro məbləğ müqabilində “Barselona”dan tamhüquqlu əsasda “Atletiko”ya transfer edilib. Qrizmanın Madrid klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Qrizmann “döşəkçilər”in heyətində 9 oyuna çıxıb, 2 qola imza atıb.
Qrizmanın “Atletiko”nun heyətində ümumi statistikası isə belədir: 454 oyun, 200 qol və 93 məhsuldar ötürmə.
Qrizmann “Atletiko” tarixinin ən sərrast futbolçusudur.
Qrizmann “Atletiko” ilə İspaniya Super Kubokunun (2014/2015), Avropa Liqasının (2017/2018), UEFA Super Kubokunun (2017/2018) qalibi olub.
Qrizmann 2014-cü ilin martında debüt etdiyi Fransa yığmasının heyətində 137 oyun keçirib, 44 qol vurub, 38 məhsuldar ötürmə verib. Antuan “xoruzlarlar”la 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatının və 2021 UEFA Millətlər Liqasının qalibi olub.
Qrizmann həmçinin 2016-cı ildə Fransada keçirilmiş Avropa çempionatının finalçısı və 6 qolla ən sərrast futbolçusu olub.
“Transfermarkt” internet-portalı 34 yaşlı fransalı hücumçunun transfer dəyərini 18 milyon avro məbləğində qiymətləndirir.


