“Arsenal”ın braziliyalı mərkəz müdafiəçisi Qabriel Maqalyayns zədə səbəbindən bir neçə həftə komandasına kömək edə bilməyəcək.
Arena.az xəbər verir ki, bu barədə London komandasının baş məşqçisi Mikel Arteta açıqlamasında bildirib.
27 yaşlı mərkəz müdafiəçisi Braziliya milli komandasının düşərgəsindən zədəli qayıdıb. Bu üzdən də futbolçu hazırda müalicə alır.
Qabriel Maqalyayns “Avai”nin məzunudur. Braziliyalı müdafiəçi “Lill”, “Trua” və Zaqreb “Dinamo”sunda da çıxış edib. “Arsenal” Qabrieli 2020-ci ilin sentyabr ayında “Lill”dən 26 milyon avro məbləğ müqabilində tamhüquqlu əsasda “topçular”ın düşərgəsinə qatıb. Onun İngiltərə klubu ilə 2029-cu ilin 30 iyununadək müqaviləsi mövcuddur.
Maqalyayns cari mövsümdə meydana çıxdığı 17 oyuna 2 qol vurub, 3 məhsuldar ötürmə verib.
Qabrielin “topçular” üçün çıxışının ümumi mənzərəsi 227 oyun, 22 qol və 8 məhsuldar ötürmədən ibarətdir.
Qabriel Maqalyayns 2023-cü ilin sentyabr ayında debüt etdiyi Braziliya millisinin heəytində 17 oyun keçirib, 1 qol vurub.
“Transfermarkt” internet-portalı 27 yaşlı braziliyalı müdafiəçinin transfer dəyərini 75 milyon avro məbləğində qiymətləndirir.


