Rəşad Sadıqov: “Həmişə yerli kadrların tərəfdarı olmuşam”

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 13-cü turu çərçivəsində “Kəpəz”ə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Yevlax şəhər stadionunda baş tutmuş görüşü “Zirə”nin 2:0 hesablı qələbəsiylə yekunlaşıb.

Rəşad Sadıqov matçdan sonra baş tutmuş mətbuat konfransında komandasının inamlı qələbəsinə belə şərh verib:

“Günorta saat 2, süni örtüklü meydança, günəşli hava… Yevlax şəhər stadionunun ot örtüyü yenidir. Meydançanın özünü tam tutması üçün 2-3 ay lazımdır. İlk hissədə meydanda daha çox mübarizə gedirdi. Sürətli oyunun şahidi ola bilmirdik. Rəqib çox yaxşı pressinq tətbiq edirdi. İkinci hissədə sürəti bir az artırdıq. İki qol vurub olduqca önəmli qələbə qazandıq.

Birinci hissədə rəqib çox gümrah idi. Demək olar ki, meydanda başımızı qaldırmağa imkan vermirdilər. Azər Bağırovun komandalarına qarşı oynamaq həmişə çətindir. Bu gün bunu bir daha hiss etdik. İlk yarıda hiss olunurdu ki, futbolçularda yorğunluq var. Bu da hava şəraiti və süni örtüklə bağlı idi. Sonradan meydana daxil olanlar oyunumuzu canlandırdılar”.

Rəşad Sadıqov AFFA Hakimlər Komitəsinə yeni sədr təyin olunmasına da münasibət bildirib:

“İnşallah, hakimliyimizin xeyrinə olar. Uzun müddətdir ki, sədrlər əcnəbi olurdular. Mən hər zaman öz kadrlarımızın tərəfdarı olmuşam. Son vaxtlar millilərdə də öz kadrlarımıza güvənilir. Bu, bizi sevindirir. Son iki ildə hakimlərimizdə inkişaf var. Rəhim Həsənov təcrübə toplayıb. İnşallah, bu yükü daşıya biləcək”.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: