“Qarabağ” futbol üzrə Azərbaycan Premyer Liqasının 2025/2026-cı illər mövsümünün 32-ci turunda “İmişli”yə 3:0 hesabıyla qalib gəlib.
Arena.az xəbər verir ki, Qurban Qurbanovun komandası bu qələbə sayəsində həm çempionatın gümüş medallarını, həm də Avropa Liqasına vəsiqəni rəsmiləşdirib.
32 matçdan sonra xallarının sayını 66-ya çatdırmış Ağdam təmsilçisi əsas izləyiciləri üçün əlçatmaza çevrilib. Bu mövsüm çempionluğu “Sabah”a uduzmuş komanda 2026/2027-ci illər mövsümündə Avropa Liqasında mübarizə aparacaq.
“Qarabağ” bu turnirə birinci təsnifat mərhələsindən qoşulacaq. Bu mərhələnin püşkü iyunun 16-da atılacaq. Avroliqanın ilk təsnifat mərhələsinin oyunları isə iyulun 9-da və 16-da baş tutacaq.
Xatırladaq ki, daha öncə 12 qızıl və 3 bürünc medalı olan Ağdam təmsilçisi tarixində 5-ci dəfə gümüş medala sahib çıxıb.
Bu gün səfərdə “Şamaxı”ya 2:3 hesabıyla uduzmuş “Turan Tovuz”un da mövsümü 3-cü pillədə başa vuracağı dəqiqləşib. Nəticədə 59 xalı olan Tovuz təmsilçisi də bürünc medalları və Avropa Konfrans Liqasına vəsiqəni rəsmiləşdirib.
Konfrans Liqasına sonuncu vəsiqə isə ya “Neftçi”yə (53 xal), ya da “Zirə”yə (50 xal) qismət olacaq. Bu, ya sabah, ya da sonuncu turda keçiriləcək oyunlardan sonra bəlli olacaq.


