“Sauthempton” casusluq qalmaqalına görə İngiltərə Premyer Liqasına vəsiqə uğrunda keçiriləcək pley-offun final matçından kənarlaşdırılıb.
Arena.az xəbər verir ki, bu barədə Britaniya mətbuatı məlumat yayıb.
Mayın 23-də “Sauthempton”un “Uembli” stadionunda “Hall Siti” ilə qarşılaşması nəzərdə tutulub. Həmin oyunun qalibi gələn mövsüm İngiltərə Premyer Liqasında çıxış etmək hüququ qazanacaqdı.
Məlumata görə, “Sauthempton” nümayəndələri pley-offun yarımfinal oyunları ərəfəsində “Midlsbro”nun məşqlərini izləyiblər. Bundan əlavə, onların dekabrda “Oksford Yunayted”ə və apreldə “İpsviç Taun”a qarşı keçirdikləri çempionat oyunları öncəsi də rəqib komandaların məşqlərini izlədikləri bildirilib.
Qeyd olunub ki, sözügedən komanda növbəti mövsüm yenə Çempionşipdə çıxış edəcək və hesabından 4 xalı silinəcək.
Premyer Liqaya vəsiqə uğrunda keçiriləcək final görüşündə isə “Hall Siti” yarımfinalda uduzmuş “Midlsbro” ilə qarşılaşacaq. Həmin oyunlar 0:0 və 1:2 hesabları ilə yekunlaşmışdı.


