Fabiyan Buntiç “Qarabağ”ı Portuqaliya klubuna dəyişdi

Almaniya vətəndaşlığına da malik xorvat qapıçı Fabiyan Buntiç “Qarabağ”dan ayrılandan sonra özünə yeni klub tapmaqda çətinlik çəkməyib.

Arena.az xəbər verir ki, Ağdam klubuna Portuqaliyadan gəlmiş təcrübəli qolkiper yenə bu ölkəyə qayıdıb.

O, Portuqaliyanın 2-ci liqa təmsilçisi “Farense” ilə anlaşıb. 29 yaşlı oyunçu yeni klubu ilə 1 illik sözləşməyə imza atıb. Müqavilədə onu daha bir il uzatmaq bəndi də var.

Portuqaliyada ailə qurduğunu və orada bir müddət yaşadığını açıqlayan Buntiç həmin ölkəyə uyğunlaşmaqda çətinlik çəkməyəcəyini söyləyib. O, Azərbaycan təcrübəsindən də bəhs edib:

“Azərbaycanda mədəniyyət və insanların futbola baxışı fərqlidir. Amma mənə Çempionlar Liqası və Avropa Liqası kimi böyük turnirlərdə oynamaq imkanı verildi. Ən yüksək səviyyəli yarışlarda iştirak etdikcə daim yeni şeylər öyrənirsən və mən də bu təcrübədən daha bilikli şəkildə ayrıldım”.

Xatırladaq ki, Fabiyan Buntiç “Qarabağ”a 2024-cü ilin yayında Portuqaliyanın “Vizela” klubundan 350 min avro müqabilində transfer edilmişdi. O, Ağdam klubunun heyətində cəmi 22 oyuna çıxıb, 24 qol buraxıb, 9 matçda qapısını toxunulmaz saxlayıb.

Almaniyanın “Ştutqart” klubunun yetirməsi olan Buntiç “Vizela”dan öncə “İnqolştadt”da da forma geyinib. O, Xorvatiyanın U-18 və U-19 milli komandalarında da oynayıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: