Futbol üzrə Azərbaycan millisinin müdafiəçisi Anton Krivotsyuk Cənubi Koreyanın “Daejeon” komandasında növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, futbolçumuzun komandası Asiya Çempionlar Liqasının 2026/2027-ci illər mövsümünün əsas mərhələsinin 2-ci turu çərçivəsində Çinin “Şanxay Port” kollektivi ilə qarşılaşıb.
“Daejeon Hana Sitizen” bu rəqiblə səfərdə üz-üzə gəlib. Krivotsyukun komandası yekunda 1:1 hesablı heç-heçə ilə kifayətlənib. Anton bu oyuna start heyətdə başlayıb və sonadək mübarizə aparıb.
“Daejeon Hana Sitizen” bu heç-heçə sayəsində Asiya Çempionlar Liqasının Şərq konfransının yarış cədvəlində 4 xalla 6-cı pillədə qərarlaşıb.
Xatırladaq ki, Anton Krivotsyuk Cənubi Koreya klubuna 2023-cü ilin fevral ayında Polşanın “Visla” (Plotsk) komandasından 600 min avro qarşılığında transfer olunub. O, bu komandanın heyətində 116 oyuna çıxıb, 6 qol, 3 məhsuldar ötürmə müəllifi olub. 28 yaşlı müdafiəçinin Cənubi Koreya klubu ilə 2027-ci il dekabrın 31-nə qədər nəzərdə tutulmuş müqaviləsi mövcuddur.
Anton daha öncə Azərbaycanda “Neftçi”nin uğurları üçün çalışıb. Mərkəz müdafiəçisi Azərbaycan yığma komandasında da 48 matça çıxıb, 1 qola imza atıb.


