Avropa Liqasında 1/8 finalçılar bəlli oldu

Futbol üzrə Avropa Liqasında 1/16 final mərhələsinin cavab oyunları keçirilib. Arena.az xəbər verir ki, bütün oyunlar eyni günə təsadüf edib.

Əsas diqqətlər “Dieqo Armando Maradona” stadionunda keçirilən “Napoli” – “Barselona” matçına yönəlmişdi. Bu komandalar arasındakı ilk qarşılaşma 1:1 hesabı ilə başa çatmışdı. Məhsuldar keçən cavab görüşündə isə Kataloniya təmsilçisi inamlı qələbə qazanmaqla növbəti mərhələyə yüksəlib.

İlk oyunda “Reyncers”ə məğlub olmuş Dortmund “Borussiya”sının Şotlandiyadan hansı nəticə ilə dönəcəyi də maraq doğururdu. Dörd qolun qeydə alındığı bu oyunda qalib müəyyənləşməyib. Nəticədə Almaniya klubu mübarizəni dayandırıb.

Mahir Emrelinin şərəfini qoruduğu Zaqreb “Dinamo”su isə “Sevilya”ya ilk oyundakı 1:3 hesablı məğlubiyyətin əvəzini çıxmağa çalışıb. Amma Xorvatiya təmsilçisinin minimal hesablı qələbəsi mərhələ adlamaq üçün yetərli olmayıb. Mahir də bu görüşün iştirakçısı olub.

“Portu” “Latsio”nu, “Leypsiq” “Real Sosyedad”ı, “Atalanta” “Olimpiakos”u, “Betis” “Zenit”i, “Braqa” da “Şerif”i mübarizədən kənarlaşdırıb.

Beləliklə, “Barselona”, “Reyncers”, “Portu”, “Sevilya”, “Leypsiq”, “Atalanta”, “Betis” və “Braqa” komandaları Avropa Liqasında 1/8 finala yüksəlib. Bu mərhələnin püşkü fevralın 25-də atılacaq.

Avropa Liqası
1/16 finalın cavab oyunları
24 fevral

Dinamo (Zaqreb, Xorvatiya) – Sevilya (İspaniya) 1:0
Qol: Orşiç, 65-pen.
İlk oyun – 1:3

Latsio (İtaliya) – Portu (Portuqaliya) 2:2
Qol: İmmobile, 19. Kataldi, 90+5 – Taremi, 31. Uribe, 68.
İlk oyun – 1:2

Real Sosyedad (İspaniya) – Leypsiq (Almaniya) 1:3
Qol: Zubimendi, 67 – Orban, 39. A.Silva, 59. Forsberq, 89-pen.
İlk oyun – 2:2

Olimpiakos (Yunanıstan) – Atalanta (İtaliya) 0:3
Qol: Mehle, 40. Malinovski, 67; 69.
İlk oyun – 1:2

Napoli (İtaliya) – Barselona (İspaniya) 2:4
Qol: İnsinye, 23-pen. Politano, 87 – Alba, 8. De Yonq, 13. Pike, 45. Obameyanq, 59.
İlk oyun – 1:1

Betis (İspaniya) – Zenit (Rusiya) 0:0
İlk oyun – 3:2

Braqa (Portuqaliya) – Şerif (Moldova) 2:0 (penaltilər 3:2)
Qol: Medeyros, 17. Horta, 43.
İlk oyun – 0:2

Reyncers (Şotlandiya) – Borussiya (Dortmund, Almaniya) 2:2
Qol: Tavernye, 22-pen; 57 – Bellingem, 31. Malen, 42.
İlk oyun – 4:2

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: