İtaliyanın “Venesiya” komandasının baş məşqçisi Paolo Zanetti istefaya göndərilib. Arena.az xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin rəsmi saytı məlumat yayıb.
39 yaşlı mütəxəssisin müqaviləsinə vaxtından əvvəl xitam verilib. Onun istefasına komandanın cari mövsümdəki uğursuz çıxışı səbəb olub. Belə ki, “Venesiya” A Seriyasında 33 oyundan sonra 22 xalla sonuncu – 20-ci pillədə qərarlaşıb.
Paolo Zanetti 2020-ci ilin avqustundan “Venesiya”ya rəhbərlik edirdi. Komanda italiyalı məşqçinin rəhbərliyi altında bütövlükdə 81 oyuna çıxıb, 25 qələbə qazanıb, 25 heç-heçə edib, 31 məğlubiyyətə üzülüb.


