Bruno Lage “Vulverhempton”dan qovuldu

İngiltərənin “Vulverhempton” komandasının baş məşqçisi Bruno Lage istefaya göndərilib. Arena.az xəbər verir ki, bu barədə Premyer Liqa klubunun mətbuat xidməti məlumat yayıb.

Bruno və onun heyətinə klub üçün göstərdikləri bütün xidmətlərə görə təşəkkür edilib, onlara gələcək karyeralarında uğurlar arzulanıb. Onların istefasına isə komandanın uğursuz çıxışı səbəb olub. Bu mövsüm “canavarlar” Premyer Liqa çərçivəsində keçirilmiş 8 matçda cəmi 1 qələbə qazanıb. Komanda geridə qalan turlarda cəmi 6 xal toplayıb və 20 iştirakçı arasında 18-ci pillədə qərarlaşıb. Halbuki, “Volverhempton” bu yay heyətini gücləndirmək üçün təxminən 100 milyon funt-sterlinq xərcləmişdi.

Xatırladaq ki, Bruno Lage 2021-ci ilin iyun ayından “Vulverhempton”a rəhbərlik edirdi. O, bu komandanı bütövlükdə 51 matça çıxarıb. “Canavarlar” bu matçlarda 19 qələbə qazanıblar, 10 heç-heçə ediblər, 22 görüşdə isə xalsız qalıblar. Komanda ötən mövsümü 10-cu pillədə başa vurmuşdu.

“Vulverhempton” Premyer Liqada növbəti matçını oktyabrın 8-də rəqib meydanında “Çelsi”yə qarşı keçirəcək. Komandanı bu oyuna təcrübəli məşqçilər Stiv Devis və Ceyms Kollinzin hazırlayacağı diqqətə çatdırılıb. Komandanın yeni baş məşqçisinin kimliyinə isə daha sonra aydınlıq gələcək.

Xəbəri sosial şəbəkələrdə paylaş: