Futbol üzrə Fransa milli komandasının və “Monako”nun müdafiəçisi Benua Badyaşil İngiltərənin “Çelsi” klubuna transfer olunub. Arena.az xəbər verir ki, bu barədə London təmsilçisinin rəsmi saytı məlumat yayıb.
21 yaşlı futbolçu ilə 7.5 illik müqavilə imzalanıb. “Zadəganlar” bu keçidə görə knyazlıq təmsilçisinə 35 milyon funt-sterlinq ödəyib.
Badyaşil Premyer Liqa təmsilçisinə keçidi barədə klubun rəsmi saytına açıqlamasında bunları söyləyib: “Çelsi”də olduğum üçün çox xoşbəxtəm. Bu komandada oynamaq üçün həyəcanlanıram. Tərəfdarları görmək və dünyanın ən yaxşı çempionatında oynamaq üçün səbirsizlənirəm”.
Benua Badyaşil “Monako”nun yetirməsidir. O, bu klubun əsas komandasında 135 oyuna çıxıb, 6 qol və 3 məhsuldar ötürmə müəllifi olub. Gənc mərkəz müdafiəçisi Fransa yığmasında da 2 oyuna çıxıb.
“Çelsi” daha öncə “Molde”dən David Datro Fofananı da transfer etmişdi.


