Qustavo Alfaro Ekvador yığmasından ayrıldı

Futbol üzrə Ekvador milli komandasının baş məşqçisi Qustavo Alfaro istefaya göndərilib. Arena.az xəbər verir ki, bu barədə Ekvador Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

60 yaşlı mütəxəssislə müddəti başa çatan müqavilənin yenilələnməsinə ehtiyac duyulmayıb. Federasiya rəhbərliyi argentinalı mütəxəssisə xidmətlərinə görə təşəkkür edib, ona gələcək karyerasında uğurlar arzulayıb.

Xatırladaq ki, Qustavo Alfaro 2020-ci ilin avqust ayından Ekvador yığmasına rəhbərlik edirdi. O, bu komandanı bütövlükdə 35 oyuna çıxarıb. Ekvadorlular bu matçlarda 12 qələbə qazanıblar, 14 heç-heçə ediblər və 9 məğlubiyyətə üzülüblər. Argentinalı məşqçi komandanı Qətərdə baş tutan dünya çempionatına aparıb. Ekvador millisi DÇ-2022-nin qrup mərhələsində 4 xal toplasa da, növbəti raunda yüksələ bilməyib.

Alfaro daha öncə “Boka Xuniors”, “Hurakan”, “Ximnasiya LP”, “Tiqre”, “Arsenal de Sarandi”, “Əl-Əhli”, “Rosario Sentral”, “San Lorenso”, “Kilmes”, “Olimpo”, “Belqrano”, “Atletiko de Rafaela”, “Patronato” kimi klublarda da baş məşqçi olub.

Xəbəri sosial şəbəkələrdə paylaş: