Futbol üzrə Burundi milli komandasının yarımmüdafiəçisi Yussuf Ndayişimiye Türkiyənin “Başakşəhər” klubundan ayrılıb. Arena.az xəbər verir ki, 24 yaşlı futbolçu Fransanın “Nitsa” klubuna transfer olunub.
Bu barədə sözügedən klublar rəsmi saytları vasitəsilə məlumat yayıblar. Yussuf yeni komandasında 55 nömrəli formanı geyinəcək. Amma onunla müqavilənin müddəti və transferin digər detalları açıqlanmır.
Yussuf Ndayişimiye 2021-ci ilin fevral ayından “Başakşəhər”də forma geyinirdi. O, Super Liqa təmsilçisində 74 oyuna çıxıb, 8 qol vurub, 4 məhsuldar ötürmə müəllifi olub. Dayaq yarımmüdafiəçisi daha öncə Türkiyədə “Yeni Malatyaspor”un da uğurları üçün çalışıb. Burundi milli komandasında 17 oyun keçirmiş futbolçu cəmi 1 qol vurub.
“Başakşəhər” mərkəz müdafiəçisi Frensis Nzabanı da Gürcüstanın “Dinamo” (Tiflis) klubuna icarəyə verib. Konqodan olan 20 yaşlı futbolçunun 2023-cü ilin 31 dekabrına qədər icarədə oynayacağı açıqlanıb.
Frensis Nzaba 2022-ci ilin iyul ayından “Başakşəhər”dədir. Daha çox əvəzedici heyətdə oynayan futbolçu, əsas komandada cəmi 3 oyuna çıxıb. O, Konqo yığmasında da 1 oyun keçirib.
Yeri gəlmişkən, Ndayişimiyeni transfer edən “Nitsa” da hücumameyilli yarımmüdafiəçisi Luka Da Kunyanı İtaliyanın “Komo” klubuna satıb. Liqa 1 təmsilçisi bu transferdən cəmi 400 min avro qazanc əldə edib. Fransadan olan 21 yaşlı futbolçu isə yeni klubu ilə 2026-cı ilin 30 iyununa kimi anlaşıb.
Luka Da Kunya 2020-ci ilin sentyabrından “Nitsa”da çıxış edirdi. O, bu klubun əsas komandasında 11 oyuna çıxıb və 1 məhsuldar ötürmə ilə yadda qalıb. “Renn”in yetirməsi olan yarımmüdafiəçi “Lozanna Sport” və “Klermon” kimi klubların da uğurları üçün çalışıb.


