UEFA Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində İngiltərənin “Liverpul” klubu ilə cavab oyunu Madrid “Real”ı üçün əlamətdar olub. Arena.az xəbər verir ki, İspaniya nəhəngi qitənin ən nüfuzlu klub turnirində yubilet matçına çıxıb.
Bu oyun sözügedən komanda üçün ÇL-də 300-cü matç kimi tarixə düşüb. İndiyə qədər heç bir komanda qitənin ən nüfuzlu klub turnirində bu qədər oyun keçirməyib. İkinci pillədə 280 oyun keçirmiş Almaniya nəhəngi “Bayern” var. Üçüncü pillədə isə İspaniyanın digər təmsilçisi “Barselona” var – 277 oyun.
Xatırladaq ki, “Real” indiyə qədər baş tutan qarşılaşmalarda 180 qələbə qazanıb, 65 dəfə məğlub olub, 55 heç-heçə edib.
Madrid “Real”ı həm də ÇL-in 1/4 finalında iştirak sayına görə ikincidir. “Kral klubu” tarixi ərzində 19 dəfə bunu bacarıb. İspanlar yalnız 21 dəfə 1/4 final üzü görən “Bayern”dən geri qalırlar.
“Liverpul”la cavab qarşılaşması “Real”ın hücumçusu Kərim Benzema üçün də əlamətdar olub. O, ÇL-in pley-oflarında 33-cü qolunu vurub. Bu baxımdan o, turnirdə ən yaxşı göstəriciyə malik üçüncü oyunçudur. Rekordçu 67 qolla Kristiano Ronaldodur. İkinci yerdə 49 topla Lionel Messi qərarlaşıb. İlk “5-liy”ə, həmçinin, Robert Levandovski (30) və Tomas Müller (26) daxildirlər.
Benzema həm də qitənin ən nüfuzlu klub turnirində İngiltərə komandalarını ümumilikdə 19 dəfə cəzalandırıb. Fransalı ingilislərin ən böyük ikinci qənimidir. Yalnız Lionel Messi “Dumanlı Albion” təmsilçiləri ilə matçlarda daha çox qol vurub – 27. Benzema 19 qoldan 7-ni məhz “Liverpul”un qapısına vurub.
Xatırladaq ki, səfərdə “Liverpul”u 5:2 hesabıyla məğlub etmiş “Real” bu rəqibinə doğma meydanda da 1:0 qalib gəlib və 1/4 finala yüksəlib.


