Murad Əhmədiyev: “Özümə çox inanırdım”

Azərbaycanın yunan-Roma güləşi üzrə yığma komandasının üzvü Murad Əhmədiyev U-23 Avropa çempionatında qazandığı qızıl medaldan danışıb. Arena.az xəbər verir ki, 97 kq çəki dərəcəsində mübarizə aparan idmançımız Azərbaycan Güləş Federasiyasının rəsmi saytına açıqlamasında bu uğuruna belə münasibət bildirib:

“Çəkim rəqiblərlə müqayisədə az olsa da, özümə çox inanırdım. Digər güləşçilər 100 kq-dan bu çəkiyə salmışdılarsa, mənim cəmi 92 kq çəkim vardı. Bu vəziyyətdə rəqiblərlə güləşmək çox çətin idi. Bütün bunlara baxmayaraq, hədəfim çempionluq idi. Şükürlər olsun Allaha, buna da nail oldum. Bundan sonra 97 kq-da çıxış edəcəyəm. Öz üzərimdə işləyəcəyəm. Çəkimi artırıb, tam olaraq 97 kq-a uyğunlaşmaq istəyirəm”.

Xatırladaq ki, Murad Əhmədiyev (97 kq) debütdə serbiyalı Luka Katiçə qalib gəlib – 7:2. Pəhləvanımız 1/4 finalda ukraynalı Aleksandr Yevdokimovu məğlub edib – 5:2. Əhmədiyev yarımfinalda almaniyalı Lukas Lazogianisi 7:4 hesabıyla üstələyərək finalda macarıstanlı Aleks Şokeyə rəqib olub. Rəqibini əks-fənddə yaxalayan Murad “tuş”la qalib gələrək Avropa çempionu olub.

Qitə birinciliyinə məşqçilər Həsən Əliyev, Emin Əhmədov və Turac Hüseynlinin rəhbərliyi altında tam heyətlə yollanan yunan-Roma güləşi üzrə millimizin daha 3 üzvü fəxri kürsüyə qalxıb. Elmir Əliyev (60 kq) və Qurban Qurbanov (72 kq) da qızıl medal qazanıblar. Xasay Həsənli (77 kq) isə gümüş medalla kifayətlənib.

Toplamda 123 xal toplayan Azərbaycan yığması komanda hesabında 4-cü yeri tutub. Millimiz ilk “3-lük”də yer alan Türkiyə (127), Ukrayna (126) və Gürcüstandan (125) cüzi fərqlə geri qalıb. Buna baxmayaraq, medalların əyarına görə, məhz Azərbaycan ən yaxşı nəticəyə imza atan ölkə olub.

Millimiz bu yarışda iki rekordunu yeniləyib. Komandamız həm toplanan xallara, həm də medalların əyarına görə özünün ən yaxşı nəticəsini gerçəkləşdirib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: