“Börnli” Premyer Liqaya vəsiqə qazanan ilk komanda oldu

Futbol üzrə İngiltərənin ikinci ən güclü liqası sayılan Çempionşipdə mübarizə aparan “Börnli” yenidən Premyer Liqaya vəsiqə qazanıb. Arena.az xəbər verir ki, sözügedən komanda buna Çempionşipin 40-cı turu çərçivəsində səfərdə “Midlsbro”nu 2:1 hesabıyla məğlub etməklə nail olub.

Bu qələbədən sonra xallarının sayını 87-yə çatdıran qonaq komanda sona 6 tur qalmış Premyer Liqaya vəsiqəni təmin edib. Hazırda börnliləri ən yaxın izləyicisi “Şeffild Yunayted”dən 11, “Luton”dan isə 19 xal ayırır. Bu kollektivlər müvafiq olaraq 76 və 68 xalla 2-3-cü pillələrdə qərarlaşıblar. Komandanın liderliyini sonadək qoruyaraq mövsümü çempion kimi başa vuracağı da şübhə doğurmur.

Beləliklə, “Börnli” cəmi bir illik fasilədən sonra yenidən İngiltərə Premyer Liqasında mübarizə aparacaq. Sözügedən komanda ötən mövsüm Premyer Liqada 20 iştirakçı arasında 18-ci yeri tutaraq Çempionşipə düşmüşdü.

Onu da xatırladaq ki, Börnlinin eyniadlı təmsilçisini Belçika yığmasının sabiq lideri Vensan Kompani çalışdırır. O, bu mövsümün əvvəlində – 2022-ci ilin iyun ayında komandaya baş məşqçi təyin olunmuşdu. 37 yaşlı mütəxəssis daha öncə yalnız “Anderlext”də baş məşqçi kimi çalışıb.

Gələn ay yaranmasının 141 yaşını qeyd edəcək bu klub indiyə qədər 2 dəfə (1920/21 və 1959/60 mövsümlərində) İngiltərə çempionu olub. 1914-cü ildə sözügedən komanda İngiltərə kubokunu qazanıb. Börnlilər həm də İngiltərənin dörd ən yüksək peşəkar futbol liqasının qalibi olmuş beş komandadan biridir. Sözügedən liqaların hamısında çempion olmuş digər klublar “Vulverhempton”, “Preston Nort End”, “Portsmut” və “Şeffild Yunayted”dir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: