UEFA avrokuboklarda həftənin ən yaxşı oyunçularını açıqladı

Futbol üzrə UEFA Çempionlar Liqasında, Avropa Liqasında və Konfrans Liqasında bu həftə üçün ən yaxşı oyunçuların adları açıqlanıb. Arena.az xəbər verir ki, UEFA-nın saytında azarkeşlər arasında aparılan sorğunun yekununda hər 3 turnirdə həftənin ən yaxşıları bəlli olub.

Çempionlar Liqasında 1/4 finalın ilk oyunlarından sonra həftənin ən yaxşı futbolçusu “Mançester Siti”nin (İngiltərə) müdafiəçisi Con Stounz seçilib. İngiltərədən olan 28 yaşlı futbolçu “Bayern”i (Almaniya) 3:0 hesabı ilə məğlub etdikləri ilk görüşdə məhsuldar ötürmə müəllifi olub.

Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusu adına Brahim Dias (“Milan”, İtaliya), Vinisius Junior (“Real”, İspaniya) və Alessandro Bastoni (“İnter”, İtaliya) də namizəd idilər.

Avropa Liqasında 1/4 final mərhələsinin ilk oyunlarından sonra həftənin ən yaxşı oyunçusu “Mançester Yunayted”in (İngiltərə) yarımmüdafiəçisi Marsel Zabitser seçilib. Avstriyadan olan 29 yaşlı futbolçu İspaniyanın “Sevilya” komandası ilə 2:2 hesablı heç-heçə etdikləri oyunda dubla imza atıb.

Avroliqada həftənin ən yaxşısı oyunçusu adına Orkun Kökçü (“Feyenoord”, Niderland), Federiko Qatti (“Yuventus”, İtaliya) və Viktor Bonifase (“Yunion”, Belçika) də namizəd idilər.

Konfrans Liqasında isə 1/4 finalın ilk oyunlarından sonra həftənin ən yaxşı oyunçusu adına “Bazel”in (İsveçrə) hücumçusu Zeki Amduni layiq görülüb. İsveçrədən olan 22 yaşlı forvard “Nitsa” (Fransa) ilə oyunda (2:2) komandasının hər iki qolunun müəllifinə çevrilib.

Konfrans Liqasında həftənin ən yaxşı oyunçusu adına Terem Moffi (“Nitsa”, Fransa), Alessio Kastro-Montes (“Gent”, Belçika) və Nikola Milenkoviç (“Fiorentina”, İtaliya) də namizəd idilər.

Xəbəri sosial şəbəkələrdə paylaş: