Bu gün futbol üzrə Avropa Liqasının 2022/2023 mövsümündə 1/4 final mərhələsinə yekun vurulub. Arena.az xəbər verir ki, bu mərhələnin bütün cavab oyunları eyni gündə baş tutub.
İtaliyanın “Roma” komandası səfərdə tək qolla uduzduğu Niderland “Feyenoord”unu bu dəfə doğma meydanda sınağa çəkib. Əlavə vaxta qədər davam edən oyunda darmadağına “canavarlar” növbəti mərhələyə yüksəlib.
İtaliyanın digər təmsilçisi “Yuventus” da doğma meydanda məğlub etdiyi Portuqaliya “Sportinq”i ilə bu gün Lissabonda qarşılaşıb. Heç-heçə nəticəsində növbəti mərhələyə Turin təmsilçisi adlayıb.
İngiltərənin “Mançester Yunayted” klubu isə ilk oyunda heç-heçəyə razılaşdığı İspaniyanın “Sevilya” komandasının qonağı olub. Böyük hesabla məğlub olan “qırmızı şeytanlar” mübarizəni dayandırıblar.
Almaniyanın “Bayer” kollektivi də bir həftə öncə “sülh bağladığı” “Yunion”la Belçikada qarşılaşıb. Bundesliqa klubu səfərdə darmadağına imza ataraq yarımfinala yüksəlib.
Beləliklə, Avropa Liqasının yarımfinalında “Yuventus” “Sevilya”nın, “Roma” isə “Bayer”in rəqibi olub. Yarımfinal mərhələsinin ilk görüşləri 11 mayda, cavab görüşləri 18 mayda baş tutacaq. Turnirin həlledici görüşü isə mayın 31-də Macarıstanın Budapeşt şəhərindəki “Puşkaş Arena”da təşkil olunacaq.
Avropa Liqası
1/4 finalın cavab oyunları
20 aprel
Roma (İtaliya) – Feyenoord (Niderland) 4:1
Qol: Spinatsola, 60. Dibala, 89. El Şaaravi, 101. Pelleqrini, 109 – Payşao, 80.
İlk oyun – 0:1.
Yunion (Belçika) – Bayer (Almaniya) 1:4
Qol: Terho, 65 – Diabi, 2. Bakker, 38. Frimponq, 61. Hlojek, 79.
İlk oyun – 1:1.
Sportinq (Portuqaliya) – Yuventus (İtaliya) 1:1
Qol: Edvards, 20 – Rabyo, 9.
İlk oyun – 0:1.
Sevilya (İspaniya) – Mançester Yunayted (İngiltərə) 3:0
Qol: En Nesiri, 8; 81. Bade, 47.
İlk oyun – 2:2.


