Fransa çempionu PSJ-nin prezidenti Nasser Əl-Xelaifi İtaliya “Yuventus”unun Avropa Super Liqasından çıxmaq qərarına münasibətini bildirib.
Arena.az “La Gazzetta dello Sport”a istinadən xəbər verir ki, Turin klubu Super Liqa layihəsini tərk etmək qərarına gəlib.
“Qoca sinyora” artıq bu barədə “Real” və “Barselona”ya məlumat verib.
PSJ-nin prezidenti Avropa Klublar Assosiasiyasının iclasında müvafiq qərara münasibətində eyhamla danışıb:
“Səhvlərini etiraf edən ağıllı insanlar həmişə xoş qarşılanırlar. Mən düşünürəm ki, onların “o qədər də super olmayan liqa”dan ayrılması düzgün və məntiqli qərardır. Orada gələcək yoxdur, layihə yoxdur, heç nə yoxdur, bu səbəbdən də ailəyə qayıtmaq məna kəsb edir.
Bu, vaxtı boşuna sərf etmək, enerji və pul itkisidir və hamısı da boşunadır. Odur ki, onlar daha yaxşısı, kluba xatircəm olsunlar, ailəyə və əsl futbol ekosisteminə qayıtsınlar.
Ağıllı insanlar səhvlərini etiraf edir və onları təshih edirlər. Ona görə də düşünürəm ki, bu, “Yuventus” üçün əla qərardır. Təbii ki, mən öz səhvlərini dərk edən hər kəsi salamlayıram. Bu, “Yuventus”a və digərlərinə də aiddir”.


