“Çelsi”nin qapıçı dərdi bitmir

Çelsi”nin və İspaniya yığmasının qapıçısı Kepa Arrisabalaqa ən azı daha bir mövsüm “zadəganlar”ın bir nömrəli qapıçısı olaraq qala bilər.

Arena.az bu barədə “The Telegraph”a istinadən xəbər verir.

Mənbənin məlumatına görə, bu, “zadəganlar”ın maddi imkanları ilə bağlıdır. “Milan”dan Mayk Menyan və “İnter”dən Andre Onana londonluların maraq dairəsində olsa da, klub adıçəkilən qapıçılardan hər hansı birini almaq üçün tələb olunan məbləği ödəməkdə sıxıntı çəkir.

Bildirilir ki, London təmsilçisi A Seriyasının hər iki qapıçısında maraqlı olsa da, qarşıdakı mövsümdə seçimi böyük ehtimalla Kepa Arrisabalaqanın xeyrinə edəcək.

2022/2023 mövsümündə 28 yaşlı Kepa komandasının heyətində 39 oyuna çıxıb. O, bu oyunlarda 45 qol “yeyib”, 12 oyunda qapısının toxunulmazlığını qoruyub saxlamağı bacarıb.

Qapıçının London klubu ilə müqaviləsi 2025-ci ilin iyununun sonuna qədər qüvvədədir.

“Transfermarkt” internet-portalı Kepa Arrisabalaqanı 15 milyon avro məbləğində qiymətləndirir.

Daha əvvəl, “Çelsi”də kütləvi “təmizləmə” aparıldığı, klubun qapıçılarından biri ilə ayrılmaq istədiyi haqda məlumat yayılmışdı.

Xəbəri sosial şəbəkələrdə paylaş: