Britaniyalı məşhur müğənni, bəstəkar, pianoçu Ser Elton Herkules Con “Mançester Siti”ni “trebl” qazanması ilə təbrik edib.
Arena.az “Rocketman” ləqəbi ilə tanınmış Elton Conun “Mançester Siti”nin “Twitter” hesabındakı videomüraciət zamanı səsləndirdiyi təbriki diqqətinizə çatdırır:
“Salam, uşaqlar. Siz bunu etdiniz. Mən sizin adınıza çox xoşbəxtəm! Necə bir mövsüm, necə bir nailiyyətdir… Mən ancaq sevinə bilərəm. Sizi Mançester hava limanında qarşılamaq əntiqə idi.
Mövsümararası fasilədə sizə ən yaxşısını arzulayıram. Sizin yaxşıca istirahətə ehtiyacınız var, amma bu bayram anından da həzz alın. Siz buna layiqsiniz! Mən sizləri sevirəm, özünüzə yaxşı baxın”.
Xatırladaq ki, “Mançester Siti” mövsümü “trebl”lə başa vurub. Əvvəlcə, Xosep Qvardiolanın yetirmələri Premyer Liqada “Arsenal”ı beş xal qabaqlayaraq İngiltərə çempionluğunu qazanıblar. Ardınca “şəhərlilər” İngiltərə Federasiya Kubokunun finalında əzəli rəqibi “Mançester Yunayted” üzərində 2:1 hesablı qələbə qazanıb. Və nəhayət iyunun 10-da İstanbulun “Atatürk Olimpiya stadionu”nda “Mançester Siti” Çempionlar Liqasının final oyunu çərçivəsində “İnter”i minimal hesabla məğlub edərək “trebl”ini rəsmiləşdirib.
İyunun 12-də “Mançester Siti” bu nailiyyəti adına zəfər yürüşü keçirib, “şəhərli” azarkeşlər paradda “trebl”i bayram ediblər.
Maraq üçün qeyd edək ki, Ser Elton Con keçmişdə “Uotford” klubunun sahibi və himayədarı olub. Məşhur müğənni özünün qeyri-ənənəvi cinsi istiqaməti ilə tanınır.



