“Arsenal”ın və Fransa yığmasının sabiq hücumçusu Tyerri Anri “Mançester Siti”nin hücumçusu Erlinq Halanda maraqlı məsləhət verib.
Arena.az “Marca”ya istinadən xəbər verir ki, o, norveçli futbolçunun UEFA Çempionlar Liqasının qalibi olmasından sonra bunları söyləyib:
“Sən heç nəyi başqalarının etdiyindən pis etmirsən. Amma arxan qapıya ikən gedəndə daha çox sağa çəkilsən, həftədə 100 qol vurarsan”.
Xatırladaq ki, Haland 2022/2023 mövsümündə ən yaxşı bombardirə təqdim olunan “Qızıl buts” mükafatını qazanıb. Norveçli qolçu mövsümün sonunda bir qədər “büdrəməsi” ilə diqqət çəkib – Haland ardıcıl beş oyunda qol vura bilməyib.
Haland 2022-ci ildən “Mançester Siti”də çıxış edir. Hücumçunun “şəhərlilər”lə müqaviləsi 2027-ci ilə qədərdir.
Haland 2022/2023 mövsümündə “Siti”nin heyətində 53 oyuna çıxıb, 52 qol vurub və 9 məhsuldar ötürmə ilə fərqlənib.
“Transfermarkt” internet-portalı Halandı 170 milyon avro məbləğində qiymətləndirir.


