Kris Smollinq daha 2 il “Roma”da!

Futbol üzrə İngiltərə milli komandasının sabiq müdafiəçisi Kris Smollinq İtaliyanın “Roma” klubu ilə yeni müqavilə bağlayıb.

Arena.az xəbər verir ki, bu barədə paytaxt klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

Bildirilir ki, Krislə yeni sözləşmə 2025-ci ilin yayına (30 iyun) qədər nəzərdə tutulub. Onun əvvəlki müqaviləsinin müddəti bu ayın sonunda başa çatacaqdı.

Kris Smollinq 2019-cu ilin avqust ayından “Roma”da çıxış edir. 33 yaşlı mərkəz müdafiəçisi “canavarlar”ın heyəyinrə indiyə qədər 143 matça çıxıb, 10 qol və 4 məhsuldar ötürmə müəllifi olub.

İngilis futbolçu karyerası ərzində “Mançester Yunayted” (323 oyun, 18 qol, 4 assist) və “Fulhem”in (19 oyun) də formasını geyinib. O, İngiltərə milli komandasında 31 oyun keçirib, 1 qol vurub.

Yeri gəlmişkən, “Roma”nın Yunanıstan “Olimpiakos”undan və Fransa çempionu PSJ-dən icarəyə götürdüyü Məhəmməd Kamara ilə Corcinyo Veynaldum bu komandadan ayrılıblar. İcarə müddəti mövsümün sonuna kimi olan futbolçular müqavilə ilə məxsus olduqları klublara qayıdıblar.

Qvineya yığmasının da üzvü olan 26 yaşlı Kamara “canavarlar”ın heyətində 21 oyuna çıxıb, 1 məhsuldar ötürmə ilə yadda qalıb. Niderland yığmasının formasını geyinən 32 yaşlı Veynaldum isə “Roma”da 23 matça çıxıb, 2 qol vurub, 1 assist edib.

Xəbəri sosial şəbəkələrdə paylaş: