Kvinsi Promes “Ayaks”a 1,25 milyon avro ödəməlidir

Moskva “Spartak”ının holland hücumçusu Kvinsi Promes həbs olunarsa, “Ayaks”a 1,25 milyon avro ödəməli olacaq.

Arena.az bu haqda Niderlandın “Voetbalprimeur” portalına istinadən xəbər verir.

İyunun 19-da Amsterdam məhkəməsi əmisi oğlunu dizindən bıçaqladığına görə Promesi 18 ay həbs cəzasına məhkum edib.
“Het Parool”un məlumatına görə, Moskva “Spartak”ı Promesin 2021-ci ildə baş tutmuş transferi üçün “Ayaks”a 1,25 milyon avro məbləğində ödənişi hələ də etməyib. Müqavilədə deyilir ki, “Spartak” futbolçunun məhkum olunduğu halda məbləğin qalan hissəsini ödəməkdən imtina edə bilər.

Bu halda “Ayaks” pulu yenə də Promesdən alacaq. Transferin ümumi məbləği 8,5 milyon avrodur. “Spartak” bu məbləğin 7,25 milyon avrosunu ödəyib.

Vurğulanır ki, Promes apellyasiya şikayəti vermək niyyətindədir və şikayətin baxılması müəyyən vaxt aparacaq. Bu məsələ ilə bağlı ilkin dinləmələr təxminən iki ay sonra keçiriləcək.

Məhkəmə yekun ittiham hökmünü çıxaracağı halda, Promes “Ayaks” qarşısında maliyyə öhdəliklərini üzərinə götürməyə mükəlləf olacaq.

Mart ayında bildirilmişdi ki, məhkəmə Promesi təqsirli bildiyi halda “Spartak” futbolçu ilə müqaviləni birtərəfli qaydada pozmaq hüququna malikdir.

Kvinsi Promes ilə Rusiya klubu arasında mövcud müqavilənin müddəti 2024-cü ilin iyun ayına qədər qüvvədədir.

Xəbəri sosial şəbəkələrdə paylaş: