Luka Modriç daha bir il “Real”da! – Rəsmi

Futbol üzrə Xorvatiya milli komandasının kapitanı, yarımmüdafiəçi Luka Modriç Madrid “Real”ı ilə yeni müqaviləyə imza atıb.

Arena.az xəbər verir ki, bu barədə İspaniya nəhəngi rəsmi saytı vasitəsilə məlumat yayıb.

Xəbərdə bildirilir ki, 37 yaşlı futbolçu ilə müddəti bu ayın sonu bitən müqavilə 1 illik artırılıb. Bir sözlə, Modriç 2024-cü ilin 30 iyununa qədər Madrid təmsilçisinin uğurları üçün çalışmağa davam edəcək.

Luka Modriç 2012-ci ildə İngiltərənin “Tottenhem” klubundan 35 milyon avroya “Real”a keçmişdi. Təcrübəli futbolçu Madrid təmsilçisində indiyə qədər 488 matça çıxıb. O, bu oyunlarda 37 qol və 77 məhsuldar ötürmə müəllifi olub. Modriç “kral klubu” ilə 23 titul qazanıb: 5 UEFA Çempionlar Liqası, 5 Klublararası Dünya Çempionatı, 4 UEFA Super Kuboku, 3 İspaniya La Liqası, 2 İspaniya Kuboku, 4 İspaniya Super Kuboku.

Modriç “Real”dan əvvəl yalnız “Tottenhem”də (160 oyun, 17 qol, 25 assist) və Zaqreb “Dinamo”sunda (91 oyun, 30 qol, 21 assist) forma geyinib. O, Xorvatiya milli komandasında da 166 oyuna çıxıb, 24 qola imza atıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: