Futbol üzrə İspaniya millisinin sabiq yarımmüdafiəçisi Denis Suares yeddi mövsüm sonra yenidən “Vilyarreal” klubuna qayıdıb.
Arena.az xəbər verir ki, bu barədə La Liqa təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.
Xəbərdə bildirilir ki, “Selta”dan transfer olunmuş 29 yaşlı futbolçu ilə 3 illik müqavilə imzalanıb. “Selta” ilə 2024-cü ilin yayına kimi müqaviləsi olan yarımmüdafiəçinin transferi üçün bu kluba nə qədər təzminat ödənildiyi açıqlanmır.
Xatırladaq ki, Denis Suares 2015/2016 mövsümündə “Vilyarreal”da çıxış edib. O, həmin vaxt bu komandada 48 oyuna 5 qol və 12 məhsuldar ötürmə müəllifi olub.
Karyerasının ilk illərində “Selta”, “Mançester Siti” və “Barselona” kimi klubların əvəzedici komandalarında oynamış Denis, peşəkar karyerasına “Sevilya”da start verib. O, sonralar “Barselona” və London “Arsenal”ında da forma geyinib. 2019-cu ildən “Selta”da çıxış edən yarımmüdafiəçi geridə qalan mövsümdə icarə əsasında “Espanyol”un da uğurları üçün çalışıb. Təcrübəli futbolçu İspaniyanın aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında oynayıb, əsas millidə bir oyun keçirib.


