La Liqa rəhbərliyi müvafiq qaydaları rəhbər tutataraq “Barselona”nın dörd futbolçusunu komandadan xaric edib.
Arena.az bu barədə La Liqanın rəsmi saytına istinadən xəbər verir.
Qapıçı İnyaki Penya, müdafiəçilər Ronald Arauxo və Markos Alonso, həmçinin yarımmüdafiəçi Serci Roberto yeni müqavilələrinin qeydiyyata alınmaması səbəbilə La Liqanın saytında “Barselona”nın heyətindən kənarlaşdırılıblar.
La Liqa rəhbərliyi klubun maliyyə problemlərini əsas gətirərək, adı çəkilən futbolçuların yeni müqavilələrini qəbul etməyib.
“Barselona”nın “həyat qabiliyyəti planı” təsdiqlənən kimi, bu oyunçuların müqavilələri qurumun saytında görünəcək. Hazırda bu futbolçuların İspaniya çempionatının oyunlarında “Barselona”nın heyətində oynamaq hüququ yoxdur.
“Barselona” ötən mövsüm İspaniya çempionluğunu qazanıb ki, bu da, 2019-cu ildən bəri kataloniyalıların ilk çempionluğudur. Bununla belə, “Barselona” ciddi maliyyə problemləri yaşamaqda davam edir.
Vurğulayaq ki, daha əvvəl “Barselona” rəhbərliyi ilə La Liqa rəhbərliyi arasında ciddi qarşıdurma yaşanmışdı.


