İspaniya çempionu “Barselona” bu yay “Atletik”dən ayrılan 32 yaşlı mərkəz müdafiəçisi İnyiqo Martines ilə müqavilə imzalayıb.
Arena.az xəbər verir ki, bu barədə Kataloniya klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
Tərəflər 2 illik sözləşməyə imza atıblar. “Barselona” yeni transferinə 400 milyon avro qiymət də qoyub. Belə ki, bu futbolçunu 2025-ci ilin yayından tez heyətində görmək istəyən klub kataloniyalılara məhz bu qədər məbləğ ödəməlidir.
İnyiqo Martines “Barselona”ya azad agent qismində qoşulub. 2023-cü il iyunun 30-da Martinesin Bilbao “Atletik”i ilə müqaviləsinin müddəti başa çatandan bəri, müdafiəçi azad agent idi.
Martines “Real Sosyedad”ın yetirməsidir. O, bu komandada 239 oyun keçirib, 17 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb. Təcrübəli futbolçu 2018-ci ildən Bilbao “Atletik”ində çıxış edirdi. Geridə qalmış mövsümdə Martines bu komandanın heyətində 18 oyuna çıxıb, 1 qol vurub. Onun “Atletik” karyerası bütövlükdə 177 oyun, 8 qol və 7 assistdən ibarətdir.
Martines İspaniya yığmasında 2013-cü ildə debüt edib. O, yığmada 20 oyun keçirib, 1 qol vurub, 1 məhsuldar ötürmə verib.
Xatırladaq ki, “Barselona” Martinesdən öncə “Mançester Siti”dən azad agent kimi ayrılmış İlkay Gündoğanla da müqavilə bağladığını açıqlamışdı.


