“Alanyaspor” sabiq futbolçusu, son olaraq Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Batayeh” klubunda forma geyinən Joao Novais ilə güclənib.
Arena.az xəbər verir ki, bu barədə Super Liqa klubunun mətbuat xidməti məlumat yayıb.
Portuqaliyadan olan 30 yaşlı yarımmüdafiəçi ilə 2 illik müqavilə imzalanıb. O, köhnə-yeni komandasında 10 nömrəli formanı geyinəcək.
Joao Novais 2022-ci ilin avqust ayından “Əl-Batayeh”də forma geyinirdi. Təcrübəli futbolçu bu komandanın heyətində meydana çıxdığı 30 oyunda 7 qol və 3 assistlə yadda qalıb. O, daha öncə ölkəsində “Braqa”, “Leyşoyş”, “Rio Ave” kimi klubların da formasını geyinib. Novais 2021/2022 mövsümünü isə icarə əsasında məhz “Alanyaspor”da keçirib. Həmin vaxt yarımmüdafiəçi Türkiyə komandasının heyətində 34 oyuna çıxıb, 3 qol və 8 assist müəllifi olub.
Yeri gəlmişkən, “Alanyaspor” digər yarımmüdafiəçisi Efkan Bekiroğlu ilə də yollarını ayırdığını açıqlayıb. 27 yaşlı futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verildiyi diqqətə çatdırılıb.
Efkan Bekiroğlu 2020-ci ilin avqust ayından Alanya klubunda forma geyinirdi. O, bu komandanın heyətində meydana çıxdığı 89 oyunda 9 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb. Yarımmüdafiəçi “1860 Münhen”, “Unterföhrinq” və “Auqsburq” kimi klublarda da forma geyinib.
Artıq Efkan Bekiroğlunun yeni iş yeri də məlumdur. O, Super Liqanın digər təmsilçisi “Ankaragücü” ilə 3 illik müqavilə bağlayıb.

Yeri gəlmişkən, “Ankaragücü” sabiq futbolçusu, son olaraq Almaniyanın “Herta” klubunda forma geyinmiş Tolqa Ciğercini də heyətinə qatıb. Azad agent statusu daşıyan 31 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanıb.
Almaniyada dünyaya göz açmış Tolqa Ciğerci bu ilin yanvarında məhz “Ankaragücü” klubundan ayrılaraq “Herta” ilə müqavilə bağlamışdı. O, daha öncə Super Liqada “Qalatasaray”, “Fənərbaxça” və “Başakşəhər”in də formasını geyinib. “Volfsburq”un yetirməsi olan dayaq yarımmüdafiəçisi, Almaniyada “Borussiya” (Münhenqladbah) və “Herta”da da oynayıb. Almaniyanın aşağı yaş qrupları üzrə yığmalarında oynadıqdan sonra Türkiyənin əsas millisini seçən Tolqa, “ay-ulduzlular”ın heyətində cəmi 4 matça çıxıb.



