Futbol üzrə Azərbaycan millisinin hücumçusu Mahir Emreli Xorvatiyanın “Dinamo” (Zaqreb) komandasında növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, futbolçumuzun komandası bu gün UEFA Çempionlar Liqasının 2023/2024 mövsümündə ilk matçını keçirib.
Qitənin ən nüfuzlu klub turnirinə birbaşa 2-ci təsnifat mərhələsindən başlayan zaqreblilər startda Qazaxıstanın “Astana” kollektivi ilə üz-üzə gəliblər.
Zaqrebdə baş tutan oyun meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə başa çatıb. Hesabı 36-cı dəqiqədə Dario Şpikiç açıb. Luka İvanuşeç (41, 43 və 56) isə het-trikə imza atıb.
Mahir bu oyunun 80-ci dəqiqəsində meydana buraxılıb. O, Bruno Petkoviçi əvəzləyib.
Bu komandalar arasındakı cavab qarşılaşması bir həftə sonra Astanada keçiriləcək.
Xatırladaq ki, Mahir Emreli “Dinamo”ya 2022-ci ilin fevral ayında Polşanın “Legiya” (Varşava) klubundan transfer olunub. O, bu komandanın heyətində bütövlükdə 24 matça çıxıb və 5 qol vurub.


