Yeddi şahmatçımız Dünya Kubokunda növbəti raunda yüksəldi

Bakıda təşkil olunmuş şahmat üzrə Dünya Kubokunda bu gün birinci raundun cavab görüşləri keçirilib. Arena.az xəbər verir ki, Azərbaycan təmsilçilərindən Qədir Hüseynov, Rauf Məmmədov, Nicat Abasov cavab görüşündə də qələbə qazanmaqla mübarizəni davam etdirmək imkanı əldə ediblər.

İlk oyunda heç-heçə edən Vasif Durarbəyli ikinci partiyanı qalib kimi başa vuraraq növbəti mərhələyə vəsiqə qazanıb. Xanım şahmatçılardan Ülviyyə Fətəliyeva, Gülnar Məmmədova və Gövhər Beydullayeva da cavab görüşlərini qələbəylə başa vuraraq adını ikinci raunda yazdırıblar.

Eltac Səfərli oyuna gecikdiyinə görə texniki məğlubiyyətlə üzləşib. Buna görə şahmatçımız Panama təmsilçisi Roberto Sançeslə tay-brekdə mübarizə aparmalı olacaq. Onunla yanaşı Abdulla Qədimbəyli, Vüqar Əsədli, Aydın Süleymanlı və Misrətdin İsgənrədov da tay-brek günü həlledici görüşdə iştirak edəcək.

Cavab görüşlərində uduzan Nicat Məmmədov və Xanım Balacayeva Dünya Kubokunda mübarizəni dayandırıblar. İlk görüşdə uduzan və cavab görüşündə heç-heçə edən Məhəmməd Muradlı da yarışla vidalaşıblar.

Qeyd edək ki, avqustun 1-i turnirdə tay-brek günüdür. İkinci raund avqustun 2-də başlayacaq. Bu mərhələdən etibarən şahmatçılarımız Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Günay Məmmədzadə o cümlədən dünya reytinqinin lideri Maqnus Karlsen də mübarizəyə qoşulacaqlar.

Xatırladaq ki, sayca 10-cu dəfə təşkil olunan Dünya Kubokunun açıq yarışında 206 şahmatçı mübarizə aparır. Qadınların mübarizəsində isə 103 şahmatçı iştirak edir. Kişilərin yarışında ilk üç yeri tutacaq şahmatçı İddiaçılar Turnirinə vəsiqə qazanacaq. Yarışın ümumi mükafat fondu 2,5 milyon ABŞ dollarıdır.

Dünya Kuboku səkkiz illik fasilədən sonra ikinci dəfə Bakıda təşkil olunub. İlk dəfə mötəbər yarış 2015-ci ildə Azərbaycanda keçirilib.

Xəbəri sosial şəbəkələrdə paylaş: