Neymarın atası məşhur nəşri yalançılıqda ittiham etdi

PSJ-nin braziliyalı superulduzu, hücumçu Neymarın atası Fransanın məşhur “L’Équipe” nəşrini yalançılıqda ittiham edib.

Arena.az bu barədə “Premier League Brasil” dərgisinə istinadən məlumat verir.

Mənbənin məlumatına görə, Böyük Neymar “L’Équipe”in iddiasına əsasən, Kiçik Neymarın PSJ rəhbərliyinə klubu bu yay tərk etmək istəyi ilə bağlı müraciət etməsi haqda məlumatı təkzib edib. O, məşhur fransız nəşrini “geydirmə” – “fake” adlandırıb:

“Baş verməmiş xəbəri təsdiqləyə bilmərəm. “L’Équipe” – “L’Éfake”dir”, deyə Neymarın atası xəbərə münasibətini özünəməxsus üslubda ifadə edib.

Daha əvvəl “L’Équipe” Neymarın karyerasını “Barselona”da davam etdirə biləcəyini bildirmişdi. Nəşr braziliyalı superulduzun “Barsa”ya keçidini PSJ-nin kataloniyalıların hücumçusu Usman Dembeleni almaq üçün müqaviləsinin bir hissəsi olduğunu iddia etmişdi.

Neymar PSJ-yə 2017-ci ildə “Barselona”dan keçib. Paris klubu braziliyalı ulduzu heyətinə qatmaq üçün 222 milyon avro xərc çəkib ki, bu da futbol tarixinin ən bahalı transferi olaraq qalır.
Neymarın PSJ ilə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədərdir.

Geridə qalımış 2022/2023 mövsümündə Neymar mütəmadi olaraq zədələrdən əziyyət çəkməsinə rəğmən, PSJ-nin heyətində 29 oyuna çıxıb, 18 qol vurub, 17 məhsuldar ötürmə verib və Fransa çempionluğunu qazanıb.

“Transfermarkt” internet-portalı 31 yaşlı Neymarı 60 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: