Romelu Lukaku “Çelsi”yə lazım deyil – Poçettino qadağa qoydu

Futbol üzrə Belçika yığmasının və “Çelsi”nin mərkəz hücumçusu Romelu Lukaku ətrafında vəziyyət xoşagəlməz hal alıb.

Arena.az xəbər verir ki, əli “İnter” və “Yuventus”dan üzülmüş Lukaku “Çelsi”də də oynamaq istəmir.

Öz növbəsində, “zadəganlar”ın yeni baş məşqçisi, argentinalı Maurisio Poçettino da Lukakunu komandasında görmək istəmir. Argentinalı mütəxəssis belçikalı hücumçunun “zadəganlar”ın düşərgəsində digər oyunçulara mənfi təsir edəcəyindən ehtiyatlanır və bu məqsədlə tədbir görüb. Poçettino Lukakuya kollektivin digər üzvləri ilə birlikdə məşq etməyi qadağan edib.

Xatırladaq ki, “İnter”in ötən mövsüm icarəyə götürdüyü Lukakunu “Çelsi”dən transfer etməyə çalışdığı və danışıqların uğurla getdiyi bir məqamda, belçikalı hücumçunun “neradzurri”nin əzəli rəqibi “Yuventus”la cari ilin yaz aylarından danışıqlar apardığı ortaya çıxıb. Hiddətlənmiş “İnter” rəhbərliyi bu davranışının müqabilində Lukaku ilə əməkdaşlığına xitam verib. “İnter” azarkeşləri də Lukakuya qəzəbini gizlətməyiblər, onu xəyanətkar adlandırıblar. Öz növbəsində Lukaku “İnter”in baş məşqçisi Simone İnzaqidən gileylənərək, italyan mütəxəssisin həlledici oyunlarda ona etimad göstərmədiyini əsas gətirib.

Lukakunun transferində digər maraqlı klub “Yuventus” isə belçikalı hücumçunu komandanın serb hücumçusu Duşan Vlahoviçlə dəyişmək təklifi ilə “Çelsi”yə müraciət etsə də, bir müddət təhlil aparmış “zadəganlar” bu fikirdən daşınıblar. Elə bu arada, “Yuventus” azarkeşləri klub stadionunda hazırlıq oyunundan sonra meydana axışaraq, nümayiş keçirib “qoca sinyora” rəhbərliyini Lukakunu almamağa səsləyiblər.

Ortada qalmış belçikalı hücumçuyla “Tottenhem”in maraqlandığı barədə xəbərlər var. Amma bu, sadəcə maraq olaraq qalır. Səudiyyə Ərəbistanından gələn konkret təklifləri isə Lukaku qəbul etməyib. Hücumçu iddialıdır və Avropada oynamaq istəyir.

Lukakunun “Çelsi” ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.

2022/2023 mövsümündə Lukaku icarə əsasında “İnter”də çıxış edib. Belçikalı hücumçu “neradzurri”nin heyətində 37 oyuna çıxıb, 14 qol vurub, 7 məhsuldar ötürmə verib.

Lukaku 2010-cu ilin mart ayında debüt etdiyi Belçika yığmasında 108 oyuna çıxıb, 75 qol vurub, 15 məhsuldar ötürmə verib. Lukaku yığma komandada vurduğu qolların sayına görə mütləq rekordçudur.

“Transfermarkt” internet-portalı 30 yaşlı Romelu Lukakunu 40 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: