Kevin De Bröyne də Bakıya gəlməyəcək

Futbol üzrə Belçika yığmasının və İngiltərə çempionu “Mançester Siti”nin yarımmüdafiəçisi Kevin De Bröyne mövsümə ağır zədə ilə başlayıb.

Arena.az xəbər verir ki, geridə qalmış mövsümdə İngiltərə çempionu olmuş “şəhərlilər” ötən gecə 2023/2024 mövsümünün açılış matçında səfərdə “Börnli” ilə qarşılaşıblar.

Komandasının 3:0 hesablı qələbəyə sevindiyi mövsümün ilk matçı De Bröyne üçün uğursuz alınıb. 32 yaşlı pleymeyker mövsümün açılış qarşılaşmasında dizindən zədə alıb. Təcrübəli oyunçu 23-cü dəqiqədə Mateo Kovaçiçlə əvəzlənib. Onun zədəsinin nə dərəcədə ciddi olduğuna ətraflı tibbi müayinələrdən sonra aydınlıq gələcək.

Lakin ilkin ehtimallara görə, De Bröyne bu zədəyə görə bir müddət yaşıl meydanlardan kənarda qalacaq. Belçikalı futbolçunun sentyabrda AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində Azərbaycan millisinə qarşı keçirəcəkləri səfər oyununu buraxacağı bildirilir. Millidəki komanda yoldaşı Tibo Kurtua kimi, Kevinin də Bakıdakı səfər matçına gətirilməyəcəyi ehtimal olunur.

Xatırladaq ki, daha əvvəl Belçika yığmasının əsas qapıçısı Tibo Kurtua İspaniyanın “Real” komandasının məşqi zamanı sıradan çıxıb. Qolkiperin əməliyyat olunacağı və ən azı 6 ay yaşıl meydanlardan kənarda qalacağı gözlənilir.

Qeyd edək ki, sentyabrın 9-da keçiriləcək Azərbaycan – Belçika oyununa saat 17:00-da start veriləcək.

Kevin De Bröyne 2015-ci ilin avqustunda Almaniyanın “Volfsburq” klubundan 76 milyon avro qarşılığında “Mançester Siti”yə keçib. Təcrübəli futbolçu “şəhərlilər”in heyətində meydana çıxdığı 358 oyunda 96 qola imza atıb, 153 məhsuldar ötürmə müəllifi olub. O, karyerası ərzində “Genk” (113 oyun, 17 qol, 36 assist), “Volfsburq” (73 oyun, 20 qol, 37 assist), “Verder” (34 oyun, 10 qol, 10 assist) və “Çelsi”nin (9 oyun, 1 assist) də formasını geyinib.

Yarımmüdafiəçi kapitanı olduğu Belçika milli komandasında da 99 matça çıxıb, 26 qol vurub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: