“Sevilya” ilə UEFA Super Kuboku uğrunda oyun “Mançester Siti”nin ispan baş məşqçisi Xosep Qvardiola üçün əlamətdar olub.
Arena.az xəbər verir ki, onun komandası əsas vaxtı 1:1 hesabıyla başa çatan bu görüşdə penaltilərlə 5:4 qalib gələrək növbəti tituluna sahib çıxıb.
Nəticədə Xosep Qvardiola UEFA Super Kubokunda yeni rekordlara imza atıb. İspan mütəxəssis bu kuboku üç fərqli komanda ilə qazanıb. Daha öncə heç bir mütəxəssis buna nail olmayıb. Bundan əvvəl Qvardiola Almaniyanın “Bayern” və İspaniyanın “Barselona” komandası ilə də UEFA Super Kubokunu qazanmışdı.
Həmçinin Qvardiola UEFA Super Kubokunda 4-cü dəfə qələbə qazanmaqla, müvafiq turniri 4 dəfə qazanmış italyan mütəxəssis Karlo Ançelottiyə çatıb.
Pep həm də karyerasında 36-cı kubokunu qazanaraq, rumın mütəxəssis Mirça Luçeskunu qabaqlayıb. İndi o, ancaq şotland mütəxəssis Aleks Ferqyusondan geri qalır. Ser Aleksin muzeyində 49 qənimət var.
“Mançester Siti”nin futbolçusu Mateo Kovaçiç də tarixə düşüb. Xorvatiya millisinin 29 yaşlı yarımmüdafiəçisi də UEFA Super Kubokunda “Sevilya”ya qalib gəlməklə buna nail olub. Kovaçiç də üç fərqli klubda bunu bacaran ilk oyunçudur. O, daha əvvəl 2016 və 2017-ci illərdə İspaniyanın “Real”, 2021-ci ildə isə İngiltərənin “Çelsi” komandasında bu titula yiyələnib.
UEFA Super Kubokunu Kovaçiçdən daha çox yalnız Toni Kroos əldə edib. Almaniyalı futbolçu “Bayern”lə 1, “Real”la 4 dəfə qələbə sevinci yaşayıb.
Xatırladaq ki, Kovaçiç “Mançester Siti”yə bu yay “Çelsi”dən keçib. 52 yaşlı Pep isə 2016-cı ildən İngiltərə klubunun “sükan”ı arxasındadır.


