“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola növbəti dəfə sıx təqvimə görə İngiltərə Premyer Liqanı tənqid edib.
Arena.az xəbər verir ki, o, ötən gecə “Sevilya” ilə oyunda (əsas vaxt 1:1, penaltilərdə 5:4) UEFA Super Kubokunu qazandıqdan sonra təqvimdən şikayətlənib.
İspan mütəxəssisi İngiltərə Premyer Liqası rəhbərliyinin çempionatın təqvimi ilə bağlı verdiyi qərar narazı salıb. Təqvimə əsasən “Mançester Siti” Premyer Liqanın 2-ci tur oyunu çərçivəsində evdə “Nyukasl”la oyuna avqustun 19-da çıxmalı olacaq. Qvardiolanı UEFA Super Kubokundan sonra yorğun və şənlik əhvalını yetərincə ürəkdən qeyd etməyə macal tapmayan, bununla belə, ikicə günə idman formasını və gücünü bərpa etməyə məcbur olan kollektivinin vəziyyəti qayğılandırır. Pep bu xüsusda eyhamla danışıb:
“Sabah biz bu günkündən daha xoşbəxt olacağıq. Buna rəğmən, bizə bir qətrə belə, alkoqol olmaz. Bizə mümkün qədər tez bərpa olmaq gərəkdir. Oyunumuzu bazar və ya bazar ertəsi deyil, şənbə gününə təyin etdiyi üçün Premyer Liqa rəhbərliyinə minnətdaram. Çox sağ olun”, deyə Pep özünəməxsus üslubda eyhamını ifadə edib.
Xatırladaq ki, Premyer Liqanın açılış turunda “Mançester Siti” səfərdə “Börnli” üzərində 3:0 hesablı qələbə qazanmşdı. “Şəhərlilər” 1-ci turdan sonra 3 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıblar.


