“Napoli”nin sabiq baş məşqçisi, italyan mütəxəssis Luçano Spalletti İtaliya yığma komandasının baş məşqçisi təyin edilib.
Arena.az bu barədə İtaliya Futbol Federasiyasının (FİGC) prezidenti Qabriele Qravinaya istinadən məlumat verir.
Federasiya rəhbəri İtaliya yığmasının baş məşqçisi vəzifəsi üçün Luçano Spalletti ilə razılığa gəlindiyini açıqlayıb. Mütəxəssis vəzifəsinin icrasına 2023-cü il sentyabrın 1-dən başlayacaq. Rəsmi təqdimat sentyabrın ilk günlərinə planlaşdırılıb.
“Spallettini salamlayaq. Yığma komandaya əla məşqçi lazım idi və o, bu təklifi qəbul etdiyi üçün çox şadam. Onun həvəsi və təcrübəsi yaxın aylarda İtaliyanı gözləyən çağırışların öhdəsindən gəlməkdə həlledici olacaq”, deyə Qabriele Qravina bildirib.
Mətbuatda yayılan xəbərlərə görə, 64 yaşlı mütəxəssislə müqavilə 2026-cı ilə qədər qüvvədə olacaq. Spallettinin illik məvacibi 3 milyon avro və üstəlik bonuslar olacaq.
Xatırladaq ki, Luçano Spalletti 2021-ci ilin iyul ayından rəhbərlik etdiyi “Napoli”dən bu ilin yayında ayrılmışdı. O, bu komandadan ayrılanda bir il müddətində yaradıcı məzuniyyət götürdüyünü bəyan etmişdi. Lakin görünür təklifin milli komandadan gəlməsi onu fikrindən daşındırıb.
Spalletti “Napoli”yə son 33 il ərzində ilk dəfə olaraq İtaliya çempionluğunu qazandırıb. O, daha öncə “İnter”, “Roma”, “Zenit”, “Udineze”, “Ankona”, “Venetsiya”, “Sampdoriya” və “Empoli”yə də rəhbərlik edib.


