“Liverpul”un baş məşqçisi Yurgen Klopp dünya futbolunun transfer bazarındakı mübarizə ilə bağlı fikirlərini bölüşüb.
Arena.az “Daily Mail”ə istinadən Klopun bu xüsusda fikirlərini diqqətinizə çatdırır:
“İndi “Çelsi” və Fars körfəzi ölkələrinin klubları ilə rəqabət aparmaq çətindir. Səbəbləri sizin hamınıza məlumdur. Bəzi klublar transfer kampaniyasını digər yerdə qalanlar kimi aparmırlar və heç kim bunun necə işlədiyini 100 faiz başa düşmür. Onlarla ayaqlaşmaq adi bir klub olaraq bizim üçün çox çətindir.
Onların etdikləri yaxşıdır, heç kimi qınamıram. Bizim transfer pəncərəmiz avqustun 31-də, Səudiyyə Ərəbistanında isə üç həftə sonra bağlanır və ona görə də onlar geri qayıda bilərlər. Bu, həyatımızı daha da çətinləşdirir.
Kiminsə başqa bir liqanı inkişaf etdirməsində pis bir şey yoxdur, Çin bunu etməyə çalışır, bəlkə ABŞ, amma sonsuz pullar problem yaradır. Kimsə bir həll tapa bilsəydi, əntiqə olardı. Amma bəli, indi getdikcə çətinləşir.
Futbolçuları “Liverpul”a gəlməyə inandırmaq mənim üçün çox asandır. Mən bir milyon oyunçunu çağırsaydım, dərhal bura gələrdilər, amma biz pulu nəzarətsiz xərcləyə bilmərik.
Mən cari transfer pəncərəmizdən çox razıyam, baxmayaraq ki, azarkeşlərin 100 milyonluq oyunçuya üstünlük verəcəyini başa düşürəm.
Əvvəl-axır, meydan hamı üçün eyni ölçüdədir, oyunçu yalnız bahalı olduğu üçün tərəqqi etməyəcək ki. Biz nə pulu və ya nəyi isə bəhanə olaraq istifadə etməyəcəyik. Biz hər şeyi özümüzə uyğun edirik”, deyə Klopp bildirib.
Xatırladaq ki, bir müddət əvvəl də Yurgen Klopp müvafiq problem haqda qısaca fikir bildirmiş, dünya futbolunun rəhbərliyini mövcud problemi çözməyə səsləmişdi.


