Bernardo Silva “Mançester Siti” ilə yeni müqavilə bağladı

İngiltərə çempionu “Mançester Siti” portuqal yarımmüdafiəçisi Bernardo Silva ilə müqavilənin müddətini uzadıb.

Arena.az xəbər verir ki, bu barədə Premyer Liqa klubunun mətbuat xidməti məlumat yayıb.

Silvanın yeni müqaviləsi 2026-cı ilin iyun ayına kimi nəzərdə tutulub.

Xatırladaq ki, portuqaliyalı futbolçu 2017-ci ildən “Mançester Siti”də oynayır. O, bu müddət ərzində sözügedən klubla 15 titul qazanıb.

Bernardo Sivla “Mançester Siti”nin heyətində bütövlükdə 308 oyuna çıxıb, 55 qol vurub və 59 qolun ötürməsini verib. O, daha öncə “Monako” və “Benfika”nın da uğurları üçün çalışıb. Ulduz futbolçu Portuqaliya yığmasının heyətində meydana çıxdığı 82 oyunda da 11 qola imza atıb.

“Mançester Siti” dayaq yarımmüdafiəçisi Maksimo Perroneni də “Las Palmas”a icarəyə verib. 20 yaşlı argentinalı qarşıdakı mövsümün sonuna kimi La Liqa klubunun formasını geyinəcək. “Veles Sarsfild”in yetirməsi Premyer Liqa təmsilçisinə bu ilin yanvarında 11 milyon avro qarşılığında keçsə də, bu komandada cəmi 2 matça çıxıb.

“Las Palmas” Perronedən başqa daha üç yeni futbolçu ilə güclənib. İspaniya klubu “Andorra”dan Mika Marmolu, “Modtyulland”dan Sori Kabanı, “Real”dan isə Marvin Parkı transfer edib. Marvin Madrid təmsilçisindən satınalma şərti ilə qarşıdakı mövsümün sonuna kimi icarəyə götürülüb. Mika və Sorinin transferi üçün isə klublarına 1,5 milyon avro ödənilib. 22 yaşlı Marmol “Las Palmas”la 3 illik, 28 yaşlı Kaba isə 4 illik müqaviləyə imza atıb.

Qeyd edək ki, Marmol mərkəz müdafiəçisidir. Qvineyalı Kaba mərkəz hücumçusu mövqeyində çıxış edir. 23 yaşlı Marvin Park isə sağ cinah vingeridiri.

Xəbəri sosial şəbəkələrdə paylaş: