“Real”ın baş məşqçisi Karlo Ançelotti ingilis yarımmüdafiəçi Cud Bellingemin madridlilərin heyətindəki uğurunu izah edib.
Arena.az bu barədə “Madrid Xtra”ya istinadən məlumat verir.
“Cud Bellingemin məhsuldarlığı? O, topsuz çox yaxşı hərəkət edir, çox ağıllıdır, həmişə lazımi vaxtda cərimə meydançasında peyda olur. Onun qabiliyyətləri sadəcə inanılmazdır”, deyə Ançelotti heyrətini fəxrlə ifadə edib.
Xatırladaq ki, Cud Bellingem “Real”a iyunun əvvəlində Dormund “Borussiya”sından keçib. “Kral klubu” ingilis yarımmüdafiəçinin transferi üçün 103 milyon avro xərc çəkib və üstəlik almanlar 30% bonus məbləğini əlavə qazanc olaraq əldə edə bilərlər. Bellingem “Real”la müddəti 2029-cu ilin iyun ayının sonuna qədər qədər nəzərdə tutulmuş müqavilə imzalayıb.
Yenicə başlamış cari mövsümdə Bellingem “Real”ın heyətində 2 oyuna çıxıb, 3 qol vurub, 1 məhsuldar ötürmə verib.
Gənc yaşına rəğmən, Bellingem 2020-ci ilin noyabrında debüt etdiyi İngiltərə yığmasında 24 oyun keçirib, 1 qol vurub, 2 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 20 yaşlı Cud Bellingemi 120 milyon avro məbləğində qiymətləndirir.


