Məhəmməd Salah “Liverpul”u xəbərdar etdi: “Gedirəm…”

Misir yığmasının məşhur hücumçu Məhəmməd Salah “Liverpul” rəhbərliyinə “Əl-İttihad”a keçmək arzusunda olduğunu bildirib.

Arena.az bu barədə jurnalist Rudi Qalettiyə istinadən məlumat verir.

Səudiyyə Ərəbistanı klubu “Liverpul”un son cavabı üçün 28 avqust tarixini təyin edib. Vurğulanır ki, “Əl-İttihad” “Liverpul” rəhbərliyini və komandanın alman baş məşqçisi Yurgen Klopu misirli hücumçunu satmaq üçün razı salmağa bütün qüvvəsini səfərbər edəcək.

Daha əvvəl bildirilmişdi ki, “Əl-İttihad” Salaha təxminən 76 milyon avro maaş müqabilində 3 illik müqavilə təklif edib.

Elə bu arada “KSA Sport” dərgisi Salahın “Liverpul”un düşərgəsində son günlərini yaşadığını bildirib. Misirli ulduzun Premyer Liqada “Nyukasl”la oyundan sonra “Əl-İttihad”ın bazasında tibbi müayinədən keçmək üçün Səudiyyə Ərəbistanına uçacağı bildiririlir.

Salahın “Liverpul”la cari müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər nəzərdə tutulub.

“Liverpul” karyerası ərzində Məhəmməd Salah “qırmızılar”ın heyətində 307 oyuna çıxıb, 187 qol vurub, 80 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 31 yaşlı Məhəmməd Salahı 65 milyon avro məbləğində qiymətləndirir.

Xatırladaq ki, “Əl-İttihad” cari yay transfer pəncərəsində dayaq yarımmüdafiəçiləri – “Liverpul”dan braziliyalı Fabinyonu, “Çelsi”dən fransalı N’Qolo Kanteni və həmçinin “Real”dan fransalı ulduz hücumçu Kərim Benzemanı heyətinə qatıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: