İngiltərə çempionu “Mançester Siti”nin norveçli mərkəz hücumçusu Erlinq Haland MLS-ə mümkün keçidi ilə bağlı danışıb.
Arena.az məlumat verir ki, Haland bu barədə Loqan Polun “Impaulsive” podkastında çıxışı zamanı bildirib.
O, gələcəkdə MLS-ə mümkün keçidi barədə düşünmədiyini açıqlayıb:
- Mən ABŞ-da mütəmadi surətdə olmuram, odur ki, demək çətindir. Amma mənim 23 yaşım var, insanlar MLS-ə keçirlər və orada oynayırlar – mən bu barədə heç düşünməmişəm, çünki hələ gəncəm, “Mançester Siti”də oynayıram və ora təzəlikcə keçmişəm.
- Qorxmursan ki, 24 və ya 25 yaşında gecə klublarında əylənib gənclik illərində edə bilmədiklərini etmək istəyəsən?
- Yox, bundan narahat deyiləm. Mən futbolçuyam, on ildən sonra, 33 yaşım tamam olanda, mənə son bir-iki ili oynamaq qalacaq. Mən narahat deyiləm, ətrafımda gözəl insanlar var. İldə 10 ay işləyirəm və diqqətimi cəmləməliyəm. Sonra – istirahət üçün bir ay, mövsümə hazırlaşmaq üçün başqa bir ay var. Məncə, daha 10-15 il belə olacaq.
Cari mövsümdə Erlinq Haland “şəhərlilər”in heyətində 5 oyuna çıxıb, 3 qol vurub. Norveçli qolçu ötən mövsüm “Mançester Siti” ilə “trebl”ə imza atıb: İngiltərə Premyer Liqasını, İngiltərə Kubokunu, UEFA Çempionlar Liqasını qazanıb. Haland hər üç turnirdə komandasının “vuran ayağı” olub.
Halandın “Mançester Siti” ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
“Transfermarkt” internet-portalı 23 yaşlı Halandı 180 milyon avro məbləğində qiymətləndirir.


