İngiltərə çempionu “Mançester Siti”nin hücumameylli yarımmüdafiəçisi Koul Palmer bundan sonra “Çelsi”nin uğurları üçün çalışacaq.
Arena.az bu barədə London klubunun rəsmi saytına istinadən məlumat verir.
Palmer “zadəganlar”la müddətini daha bir mövsüm uzatmaq imkanı ilə 7 illik – 2030-cu ilin iyun ayının sonuna qədər nəzərdə tutulmuş müqavilə imzalayıb.
“Zadəganlar” hücumameyilli yarımmüdafiəçi üçün “şəhərlilər”ə 47 milyon avro ödəyəcəklər. Bu isə Palmerin təxmin edilən bazar qiymətindən qat-qat çoxdur. Üstəlik, “Çelsi” 6 milyon avro məbləği isə “Mançester Siti”yə gələcəkdə bonus olaraq ödəyəcək.
“Zadəganlar”ın idman direktorları Lourens Stüart və Pol Uinstenli Palmerin gəlişi münasibətilə açıqlama veriblər:
“O, ən çətin vəziyyətlərdə istedadını və imkanını göstərdi və bu yay Avropa gənclər çempionatında İngiltərəni təmsil etdi. O, şübhəsiz ki, növbəti addıma hazırdır və biz şadıq ki, o, bunu “Çelsi”də atacaq”, deyə mütəxəssislər yekdilliklə Palmerdən gözləntilərini ifadə ediblər.
Vurğulayaq ki, 21 yaşlı Koul Palmer “Mançester Siti”nin yetirməsidir. O, cari mövsümdə “şəhərlilər”in heyətində 3 oyun keçirib və 2 qol vurub. Ümumilikdə Palmer “Mançester Siti”nin heyətində 41 oyun keçirib, 6 qol vurub, 2 məhsuldar ötürmə verib.
Palmer hələlik İngiltərə yığmasına dəvət almasa da, U-21 yığması ilə yanaşı, aşağı yaş qruplarının yığmalarında – U-15, U-16, U-17, U-18-də oyun təcrübəsinə malikdir. Onun gələcək imkanları yüksək qiymətləndirilir. U-21 yığmasında isə Palmer 13 oyun keçirib, 4 qol vurub, eyni sayda məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 21 yaşlı Koul Palmeri 18 milyon avro məbləğində qiymətləndirir.


