“Liverpul”un alman baş məşqçisi Yurgen Klopp hücumçu Məhəmməd Salahın komandasında qalmağa qərar verməsinin səbəbini açıqlayıb.
Arena.az bu barədə BBC-yə istinadən məlumat verir:
“Onun bu kluba bağlılığına heç vaxt şübhəm olmayıb. Siz təsəvvür edə bilməzsiniz ki, nə qədər səs-küy qalxdı və biz buna nə qədər sakit münasibət göstəririk. O, bizim futbolçumuzdur və burada oynamaq istəyir”, deyə Yurgen Klopp məsələyə nöqtə qoyub.
Daha əvvəl misirli ulduz hücumçu ilə Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubunun fəal surətdə maraqlandığı haqda məlumat yayılmışdı. Ərəblər hətta müəyyən təkliflə çıxış etmişdilər və Klopp o zaman da öz müvafiq sabit mövqeyini ifadə etmişdi.
Salah 2017-ci ildən “Liverpul”da çıxış edir. Misirli ulduzun “qırımızlar”la müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Salah “Liverpul”un heyətində 4 oyuna çıxıb, 2 qol vurub və eyni sayda məhsuldar ötürmə verib. Misirli hücumçu “Liverpul”la bütün mümkün klub turnirlərinin qalibi olub.
Salah 2011-ci ilin sentyabr ayında debüt etdiyi Misir yığmasının heyətində 88 oyun keçirib, 49 qol vurub, 29 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 31 yaşlı Məhəmməd Salahı 65 milyon avro məbləğində qiymətləndirir.


