Futbol üzrə Nigeriya millisinin və “Everton”un hücumameyilli yarımmüdafiəçisi Aleks İvobi Premyer Liqanın digər təmsilçisi “Fulhem”ə keçib.
Arena.az xəbər verir ki, 27 yaşlı futbolçunun transferi yeni klubuna 27,5 milyon avroya başa gəlib.
Halbuki, “Everton” İvobini vaxtilə “Arsenal”dan 30,4 milyon avroya transfer etmişdi. “Fulhem” yeni yarımmüdafiəçisi ilə 5 illik (2028-ci ilin 30 iyununa kimi) müqavilə bağlayıb.
Aleks İvobi 2019-cu ilin avqustundan formasını geyindiyi “Everton”da 140 oyuna 9 qol vurub, 16 məhsuldar ötürmə müəllifi olub. O, vaxtilə yetirməsi olduğu “Arsenal”da da 149 oyuna 15 qol və 25 məhsuldar ötürmə ilə yadda qalıb. İvobi 2015-ci ildən formasını geyindiyi Nigeriya yığmasında 63 oyuna 10 qol vurub.
İvobini heyətinə qatan “Fulhem” üç futbolçusu ilə də yollarını ayırıb. Premyer Liqa təmsilçisinin fransız vingeri Antoni Knokar azad agent kimi ölkəsinin “Valensyen” klubuna keçib. 31 yaşlı futbolçu yeni klubu ilə 1+1 illik müqaviləyə imza atıb. O, 2019-cu ildən formasını geyindiyi “Fulhem”də 56 oyuna 4 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb. Sağ cinah vingeri karyerası ərzində “Brayton”, “Lester Siti”, “Genqam”, “Nottingem Forest”, “Standard” (Lyej), “Volos” və “Haddersfild Taun” kimi klubların da formasını geyinib.
“Fulhem” sağ cinah müdafiəçisi Kevin Mbabu ilə mərkəz müdafiəçisi Terens Konqolonu da icarəyə verib. Onlar müvafiq olaraq “Auqsburq” və “Rapid” (Vyana) klublarına keçiblər. Hər iki futbolçu bu mövsümün sonuna kimi icarədə olacaq.


