UFC döyüşçüsü Həbib Nurməhəmmədovun məşqçisi Xavyer Mendes amerikan döyüşçü Maykl Çandlerə məsləhət verib.
Arena.az “The Mirror” dərgisinə istinadən məlumat verir ki, Mendes məsləhətlərinin Çandlerin məşhur irland döyüşçü Konor Makqreqora qarşı döyüşəcəyi halda gərəkli ola biləcəyi qənaətindədir:
“Çandlerə deyərdim ki, Konorun dedikləri onu əsəbiləşdirməməlidir, çünki o, bu işdə ustadır. Bu, Həbib – Makqreqor döyüşünün elan edildiyi ilk gündən hazırlaşdığımız məqam idi. Mən hər gün Həbibə deyirdim ki, sənin ailəni, dinini və ölkəni təqib edəcək.
Biz döyüşdən əvvəl bir neçə ay bu barədə danışdıq və əlbəttə ki, o, istənilən bir əclaf döyüşçünün edəcəyini etdi. Belə bir əclafsansa, etməməli olduğun şeylərin ardınca gedirsən. Döyüşdən əvvəl qızışdırma yaxşıdır, amma ölkə və dinin qeyd edilməsinə heç vaxt icazə verilməməlidir. Bu, idmandır, ölüm-dirim məsələsi deyil, amma o, dindən və ölkədən danışaraq məhz bunu edir. İstərdim ki, döyüşçülər heç vaxt belə etməsinlər”, deyə Xavyer Mendes fikrini tamamlayıb.
Xatırladaq ki, Həbib Nurməhəmmədov və Konor Makqreqor arasında döyüş 2018-ci il oktyabrın 7-də UFC 229-da baş tutub. Nurməhəmmədov 4-cü raundda boğucu fəndlə qalib gəlmişdi.


