Gələn il 60 milyon avro verən Bernardo Silvanı apara bilər

“Mançester Siti”nin hücumameylli yarımmüdafiəçisi Bernardo Silvanın “şəhərlilər”lə müqaviləsində sərbəstqalma maddəsi var.

Arena.az jurnalist Fabrisio Romanoya istinadən məlumat verir ki, maddə sərbəstqalma şərtini 60 milyon qarşılığında ödəyir.

Müvafiq məbləği ödəməyə hazır olacaq ixtiyari klub portuqal yarımmüdafiəçini sıralarına qata bilər.

Bernardo Silva 2017-ci ilin iyulundan “Mançester Siti”də çıxış edir. Tərəflər arasında müqavilə 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir. “Siti”yə qədər Silva “Benfika” və “Monako”da çıxış edib. Silva “qartallar”la Portuqaliya Premyer Liqasının, Portuqaliya Kubokunun və Portuqalia Liqa Kubokunun qalibi olub, Knyazlıq klubu ilə isə Fransa çempionatını qazanıb.

Cari ilin yay transfer pəncərəsi ərzində portuqal yarımmüdafiəçi “Barselona” və PSJ-nin fəal maraq dairəsində olub.

Geridə qalmış 2022/2023 mövsümündə Bernardo Silva “şəhərlirlər”in heyətində 55 oyuna çıxıb, 7 qol vurub, 8 məhsuldar ötürmə verib. Silva ötən mövsüm “Siti” ilə “trebl”ə imza atıb: İngiltərə Premyer Liqasını, İngiltərə Kubokunu və Çempionlar Liqasını qazanıb. Cari mövsümdə Silva “şəhərlilər”in heyətində 6 oyun keçirib, 1 qol vurub və eyni sayda məhsuldar ötürmə verib. Bernardo Silvanın “şəhərlilər”in heyətində ümumi statistikası isə belədir: 312 oyun, 56 qol, 60 məhsuldar ötürmə.

Silva “Mançester Siti” ilə 15 qənimət qazanıb: Çempionlar Liqasının, UEFA Super Kubokunun, 5 dəfə İngiltərə Premyer Liqasının, 2 dəfə İngiltərə Kubokunun, 4 dəfə İngiltərə Liqa Kubokunun və 2 dəfə İngiltərə Super Kubokunun qalibi oluib.

Bernardo Silva 2015-ci ilin martında debüt etdiyi Portuqaliya yığmasının heyətində 84 oyuna çıxıb, 11 qol vurub, 27 məhsuldar ötürmə verib. Silva yığma komanda ilə 2017 FIFA Konfederasiyalar Kubokunda bürünc medal qazanıb və 2019 Millətlər Liqasının qalibi olub, həmçinin həmin il Portuqaliyada ilin futbolçusu seçilib.

“Transfermarkt” internet-portalı 29 yaşlı Bernardo Silvanı 80 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: